"Tennis.az"ın təsisçisi Zaur Bayramov "Sportsman" jurnalına müsahibə verib

"Tennis.az"ın təsisçisi Zaur Bayramov "Sportsman" jurnalına müsahibə verib

 

"Tennis.az"ın təsisçisi Zaur Bayramov "Sportsman" jurnalına geniş müsahibə verib. Müsahibədə o, Azərbaycanda tennisin inkişafı, Tennis.az klubunun yaranma tarixi, həyata keçirilən layihələr, beynəlxalq uğurlar və gələcək hədəflər barədə fikirlərini bölüşüb.

Zaur Bayramov bildirib ki, Tennis.az 2007-ci ildə həvəskar tennisçilərin rəqib tapmaq problemini aradan qaldırmaq məqsədilə yaradılıb və hazırda 500-ə yaxın üzvü olan ölkənin ən böyük həvəskar tennis icmalarından biridir.

Müsahibədə klubun əsas missiyasının Azərbaycanda tennisin inkişafına töhfə vermək, idmanı kütləviləşdirmək, tennisçilərin reytinq sistemini formalaşdırmaq və həvəskar idmançılar arasında dostluq münasibətlərini möhkəmləndirmək olduğu vurğulanıb.

Bayramov son illərdə keçirilən Tennis.az Liqası, Gardashlar Mebel Doubles Championship, Respublika Günü Kuboku, Zəfər Günü Kuboku, Mobitek Kuboku və digər layihələrdən bəhs edib. O qeyd edib ki, 2018-ci ildən təşkil olunan Tennis.az Liqası artıq ölkənin yeganə beynəlxalq statuslu həvəskar tennis liqasına çevrilib və 50-ci yubiley mövsümünə çatıb.

Müsahibədə 2024-cü ildə Azərbaycanın ITF Masters Tour MT200 UAE TOPSPIN turnirində əldə etdiyi uğurlara da toxunulub. Bayramov bildirib ki, Dubayda keçirilən yarışda Azərbaycan 10 tennisçi ilə təmsil olunub, Marina Abramenko 50+ kateqoriyasında, Marina Abramenko və Fərəh Şəmsiyeva isə 40+ qoşa yarışlarında çempion olublar.

O, hazırda tennisin inkişafı qarşısındakı əsas problemlərdən birinin kort çatışmazlığı olduğunu qeyd edərək, ölkədə tennisə marağın artması fonunda yeni kortların inşasının vacibliyini vurğulayıb.

Müsahibənin sonunda Zaur Bayramov tennis həvəskarlarına müraciət edərək bildirib:

"İdmanı sevin, tennisi sevin, tennissiz qalmayın. HƏR ŞEY ÖZ ƏLİNİZDƏDİR!"