Dünyanın 1 və 2 nömrəli tennisçiləri “Uimbledon”un finalında qarşılaşacaq
Dünyanın 1 və 2 nömrəli tennisçiləri “Uimbledon”un finalında qarşılaşacaq
Böyük Britaniyanın paytaxtı Londonda keçirilən və ümumi mükafat fondu 44,7 milyon funt sterlinq təşkil edən “Uimbledon” turnirində finalçılar müəyyənləşib.
Mərkəzi Kortda baş tutan yarımfinal görüşlərindən sonra kişilər arasında finalda ATP reytinqinin lideri, ispaniyalı Carlos Alcaraz və dünyanın 2 nömrəli tennisçisi, turnirin son qalibi serbiyalı Novak Djokovic üz-üzə gələcək.
Bu, iki tennisçinin karyerasında sayca 3-cü qarşılaşma olacaq. Əvvəlki iki görüşdə hər iki oyunçu bir dəfə qalib gəlib – 1:1.
Yarımfinal mərhələsində Alcaraz dünya reytinqində 3-cü pillədə qərarlaşan rusiyalı Daniil Medvedevi 6:3, 6:3, 6:3 hesabı ilə, Djokovic isə 8-ci sırada olan italiyalı Jannik Sinneri 6:3, 6:4, 7:6 hesabı ilə məğlub edib.
Alcaraz karyerasında ikinci dəfə “Böyük Dəbilqə” turnirinin finalına yüksəlib. İspan tennisçi ardıcıl olaraq 11-ci qələbəsini qazanıb və cari mövsümdə qələbələrinin sayını 46-ya çatdırıb. Ötən il US Open çempionu olan 20 yaşlı Alcaraz bu mövsüm 7-ci finalına çıxacaq və artıq 5 titul qazanıb.
23 qat “Böyük Dəbilqə” çempionu olan 35 yaşlı Novak Djokovic isə ardıcıl olaraq 5-ci dəfə Wimbledon finalına yüksəlib. Əvvəlki 4 finalını qazanan serbiyalı bu dəfə də qalib gəlsə, “Böyük Dəbilqə” titullarının sayını 24-ə çatdıraraq öz rekordunu yeniləyəcək.
Finalın qalibi ATP reytinqində liderliyi ələ keçirəcək.
Qadınların turnirində də yarımfinal mərhələsi başa çatıb. Finalda dünyanın 2 nömrəli tennisçisi, belaruslu Aryna Sabalenka və reytinqdə 8-ci pillədə olan tunisli Ons Jabeur qarşılaşacaq.
